İQTİSADİYYAT


İndiyədək 5100-dən çox gənc sahibkara 355,2 milyon manat güzəştli kredit verilib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

Sahibkarlıq fəaliyyətinə və gənclərin məşğulluğunun artırılmasına dəstək məqsədilə indiyədək 5 min 100-dən çox gənc sahibkara 355,2 milyon manat güzəştli kredit verilib.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iyulun 1-də Bakıda "Gənclər arasında sahibkarlığın təşviqi: yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 15 min 300-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ölkəmizdə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərilir. Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi özəl sektorun inkişafında xüsusi əhəmiyyət daşıyır. Tədbirdə gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində biznes inkubatorların rolu vurğulanıb, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubatorun yaradıldığı və növbəti biznes inkubatorun Aran Regional İnkişaf Mərkəzində təşkili üçün artıq müsabiqənin elan edildiyi bildirilib. Kənd təsərrüfatının inkişafının ölkədə həyata keçirilən uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən olduğu, o cümlədən arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyi vurğulanıb. İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq yerli arıçılıq məhsullarının müasir şəkildə qablaşdırılması və təşviqi istiqamətində tədbirlərin təşkili və bugünkü tədbirin yerli arıçılıq məhsullarının təşviqi və dəstəklənməsi baxımından əhəmiyyəti qeyd edilib.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bu gün ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətindən, dövlətin gəncliyin inkişafına qayğısından danışıb, həyata keçirilən iqtisadi islahatların gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli mühit yaratdığını deyib.

Bir sıra şirkətin nümayəndələri çıxışlarında Azərbaycanda münbit işgüzar mühitin formalaşdırıldığını, bütün bunların gənclərin sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar yaratdığını vurğulayıblar.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov rəhbəri olduğu qurumun İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yeni yaradıldığını və arıçılığın inkişafı üçün arıçılıq məhsullarının tədarükü, qablaşdırılması və marketinqi ilə bağlı müasir yanaşmaların tətbiqi, arıçıların bilik və bacarıqlarının artırılması istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə layihələrdə iştirak edəcəyini diqqətə çatdırıb.

Tədbir iştirakçıları Bakı Biznes Mərkəzində təşkil edilmiş 30-dək sahibkar tərəfindən təqdim edilən və ölkənin müxtəlif rayonlarını əhatə edən 20 çeşiddə arıçılıq və xalq sənətkarlığı məhsullarının sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.