SİYASƏT


İndiyədək Cocuq Mərcanlıda 176 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı, 18 iyul, AZƏRTAC

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 19-cu ildönümü tamam olur. ANAMA 1998-ci il iyulun 18-də Azərbaycan Prezidentinin Sərəncamı əsasında yaradılıb. Yarandığı gündən indiyədək 19 il ərzində ANAMA tərəfindən 40 min hektardan çox ərazi təmizlənib, 760 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri ANAMA-nın direktoru Qəzənfər Əhmədov iyulun 18-də jurnalistlərə müsahibəsində deyib.

Q.Əhmədov bildirib ki, 2017-ci il Agentlik üçün mühüm il olub. Çünki Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Agentlik tərəfindən 126 gün ərzində 300 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Cocuq Mərcanlıda 176 mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bununla məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün şərait yaradılıb. Bu, bizim üçün ilk addım idi. Ümidvarıq ki, yaxın illərdə eyni əməliyyatları işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı ərazilərdə aparacağıq və oradakı əhalinin təhlükəsizliyini təmin edəcəyik.

ANAMA-nın direktoru diqqətə çatdırıb ki, Agentliyin bütün bölgələrdə xüsusi təyinatlı qrupları yaradılıb. Müvafiq qurumlardan sorğu gəldiyi zaman əməliyyat qrupları dərhal hadisə yerinə çıxır və yerli əhalinin təhlükəsizliyini təmin etməklə aşkarlanmış sursatları zərərsizləşdirir. Belə təmizləmə əməliyyatlarının gələcəkdə uğurla davam etdirilməsi üçün qurumun geniş imkanları var.

Beynəlxalq əməkdaşlıqdan və layihələrdən danışan ANAMA-nın direktoru deyib ki, qurum uzun illərdir beynəlxalq təşkilatlarla birgə xarici ölkələrin mütəxəssisləri üçün xüsusi təlim keçir. Agentliyin ötən illər ərzində bir neçə beynəlxalq layihələri, o cümlədən qardaş Türkiyədə böyük layihələri olub. 2005-ci ildən başlayaraq Azərbaycanda NATO ilə birgə “Saloğlu” və “Ceyrançöl” layihələri həyata keçirilib. “Ceyrançöl” layihəsinin üçüncü mərhələsi bu il başlayıb və 2018-ci ilin sonunadək davam edəcək. Hazırda bu müddətin uzadılması ilə bağlı müvafiq təşkilatlarla danışıqlar aparılır.

“Bununla yanaşı, bir neçə il əvvəl NATO-nun sifarişi ilə Gürcüstanda minatəmizləmə mərkəzi yaradılıb. Onun yaradılmasına ANAMA böyük dəstək göstərib. Agentliyin əməkdaşları onların mütəxəssisləri üçün təlimlər keçib. Hazırda həmin mərkəz uğurla fəaliyyət göstərir”, – deyə Q.Əhmədov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.