REGİONLAR
İndiyədək Finlandiyadan 800-dək taxılyığan kombayn alınaraq Azərbaycana gətirilib
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Finlandiyanın ölkəmizdəki səfiri Krister Mikelsson ilə görüşündə kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İlham Quliyev səfirə Azərbaycanda kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlər, dövlətin aqrar sektora göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Əməkdaşlıq əlaqələrindən bəhs edən nazir müavini bildirib ki, indiyədək Finlandiyadan Yaponiya qrantı hesabına 800-ə yaxın “Sampo Rosenlyu” taxılyığan kombaynı alınaraq Azərbaycana gətirilib və bu sahədə əməkdaşlıq davam etdiriləcək.
İ.Quliyev iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında sənəd imzalanması, heyvan yemi, bitki mühafizəsi və baytarlıq preparatları istehsal edən müştərək müəssisələrin yaradılması imkanlarının nəzərdən keçirilməsi, müvafiq universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, kooperasiyaların yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması barədə təkliflər irəli sürüb.
Krister Mikelsson iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəyini bildirib.