REGİONLAR
İndiyədək İmişlidə 1500 ton yun istehsal olunub
İmişli, 6 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlidə qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəyə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və xeyli gəlir götürür.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda təsərrüfatlarda 256 min 721 baş qoyun-keçi bəslənilir. Bu da ötən ildəkindən 3059 baş çoxdur. Qoyunun əti və südü kimi, yunu da yüksək qiymətə satılır. Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. Yun qırxımı mövsümü başlayandan indiyədək fermerlər, ümumilikdə, 1500 tona yaxın yun tədarük ediblər. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülüb. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub.
Rayonda ən yüksək nəticəni fermer Daşqın Kazımov qazanıb. O, bəslədiyi hər qoyundan 2,2 kiloqram yun götürüb. Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı uğurla davam edir.