İQTİSADİYYAT
İndiyədək “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinə 15 milyard dollar xərclənib
Bakı, 29 mart, Nihad Budaqov, AZƏRTAC
BP və tərəfdaşları indiyədək “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə 15 milyard dollar xərcləyib.
AZƏRTAC xəbər verir ki, bunu BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib.
“Bu iki layihə üzrə BP-nin operatoru olduğu hissələrdə tikinti işlərinin ümumilikdə 90 faizdən çoxu icra edilib. Cari ilin sonunda isə qazın sistemə buraxılması planlaşdırılır. Bu zaman istismar testləri və sınaqlar keçiriləcək. Bunun səbəbi isə gələn ilin ikinci yarısında qazı boru kəməri vasitəsilə Türkiyəyə ixrac etməyə başlaya bilməkdir”, - deyə Q.Birrell əlavə edib.
BP rəsmisi bildirib ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə Azərbaycanda və Gürcüstanda boru kəmərinin tikintisi, eləcə də qonşu ölkədə 2 qaz kompressor stansiyasının tikintisi üzrə işlərin 93 faizdən çox icra edilib.
O qeyd edib ki, “Xankəndi” sualtı tikinti-quraşdırma gəmisində də sınaq işləri bu ilin ikinci rübünün sonunda yekunlaşacaq. Bundan sonra isə “Xankəndi” də “Şahdəniz-2” sahəsinə yola düşəcək.