İQTİSADİYYAT


İndiyədək “Star” layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə Neft Fondundan 960,2 milyon dollar ayrılıb

Bakı, 13 iyun, AZƏRTAC

İndiyədək “Star” neft emalı zavodu layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi məqsədilə Dövlət Neft Fondundan (ARDNF) İqtisadiyyat Nazirliyinə ümumilikdə 960,2 milyon dollar ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatında deyilir.

Bildirilir ki, layihənin ARDNF tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (Star) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 2013-cü il 4 fevral tarixli Sərəncamına əsasən həyata keçirilir. Sərəncama əsasən nizamnamə kapitalı 1 milyard 900 milyon ABŞ dolları təşkil edən səhmdar cəmiyyət yaradılıb və 40 faizi dövlət mülkiyyətində olan cəmiyyətin səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə tapşırılıb. Cəmiyyətin dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər ARDNF-ə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 fevral tarixli Sərəncamı ilə “STAR layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli Sərəncamında edilmiş dəyişikliklərə əsasən, cəmiyyətin nizamnamə kapitalının həcmi 1 milyard 900 milyon ABŞ dollarından 2 milyard 412,0 milyon ABŞ dollarına qədər, cəmiyyətin dövlət mülkiyyətində olan 40 faizlik səhm payının dəyəri 964,8 milyon ABŞ dollarına qədər artırılıb. Layihənin maliyyələşdirilməsinə başlayandan 2016-cı ilin sonuna qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə “Star” layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə ümumilikdə 960,2 milyon ABŞ dolları və ya 927,9 milyon manat, o cümlədən hesabat ili ərzində 200,2 milyon ABŞ dolları və ya 331,8 milyon manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda tikdiyi “Star” neft emalı zavodunda layihə işlərinin təxminən 90 faizi görülüb. Zavodun 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.

“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.