İQTİSADİYYAT
İndiyədək sahibkarlara 51 investisiya təşviqi sənədi təqdim olunub
Bakı, 31 avqust, AZƏRTAC
İndiyədək sahibkarlara 51 investisiya təşviqi sənədi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov avqustun 31-də 19 sahibkara investisiya təşviqi sənədinin təqdim olunması ilə bağlı keçirilən tədbirdə bildirib.
“Bu layihələrin reallaşması nəticəsində ölkə iqtisadiyyatına təxminən yarım milyard manat həcmində investisiya yatırılacaq, 4 minə yaxın iş yeri açılacaq. Yeddi iqtisadi rayonu əhatə edən bu layihələr qeyri-neft sektorunun müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, tütün məmulatlarının istehsalı, yüngül sənaye, tikinti materiallarının, rezin və plastmas məmulatlarının, sürtgü yağlarının istehsalı və digər sahələri əhatə edir”, - deyə nazir müavini diqqətə çatdırıb.
Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işləri diqqətə çatdırıb, ölkəmizdə sahibkarlığın inkişafi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, iqtisadi və investisiya fəallığının artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya və icazələrin sayının və rüsumların əhəmiyyətli şəkildə azaldılması, bu sənədlərin alınma prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının daha etibarlı qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması, qeyri-neft ixracının təşviqi tədbirləri və s. sahibkarlığın inkişafı üçün yeni imkanlar açır.
İqtisadi inkişafın davamlılığının təmin olunmasında investisiyaların prioritet sahələrə cəlb olunmasının əhəmiyyətini vurğulayan Niyazi Səfərov bu məqsədlə müxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu deyib. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və burada rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir. Kiçik və orta sahibkarlığın inkişafı baxımından əhəmiyyətli olan Neftçala Sənaye Məhəlləsində hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün ümumi investisiya məbləği 40 milyon manatdan çox olan 8 layihənin icrası və 500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir. Eyni zamanda, dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq, Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın təşkili istiqamətində işlər görülür.
Vurğulanıb ki, investisiyaların təşviqi Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mühüm istiqamətlərindəndir. İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq olunub. İnvestisiya təşviqi sənədini və texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədi alan sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edərək, mənfəət və gəlir vergisinin 50 faizini, əmlak və torpaq vergisini, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisi və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar. Artıq bir çox sahibkarlar bu imkandan yararlanırlar.
Sonra “Mətanət A” şirkətinin direktoru Elxan Bəşirov, “Alman Fasad Texnologiyaları” MMC-nin nümayəndəsi Uğur Babayev, “Karvan-L Eko” MMC-nin direktoru Əbülfəz Qafarov, “Rich-S.A” MMC-nin direktoru Əvəz Səfərli və “Buta Group” MMC-nin direktoru Bəşir Quliyev investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını qeyd edib, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov şirkət rəhbərlərinə investisiya təşviqi sənədlərini təqdim edib.