REGİONLAR


İndiyədək tütünçülük sahəsində fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib

Bakı, 1 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum iyunun 1-də Şəki rayonunda keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb. Şəki rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, bağçılıq, cins heyvandarlıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar, tütün emalı, süd emalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2141 investisiya layihəsinin maliyyələşdirilməsinə 98,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, dövlət başçısının tütünçülüyün inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlət maliyyə dəstəyi daha da gücləndirilib. Ümumilikdə, indiyədək tütünçülük sahəsində fəaliyyət göstərən 80-ə yaxın sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şəki və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 578 min manat güzəştli kredit verilib. Güzəştli kreditlər əsasən heyvandarlıq, bağçılıq, tütünçülük, çiyələk əkini və s. sahələrin inkişafına yönəldiləcək.

Qeyd edək ki, indiyədək Şəki rayonundan olan 474 sahibkara 28,6 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Şəkidə dövlətin güzəştli krediti ayrılan tütünçülük təsərrüfatına baxış keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.