İQTİSADİYYAT
İndiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək verilmiş 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə nazirlikdə keçirilən geniş kollegiya iclasında qeyd edilib.
Diqqətə çatdırılıb ki, bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq. Ümumilikdə təqdim edilmiş sənədlərin 37 faizi kənd təsərrüfatını, 63 faizi isə sənaye sahələrini əhatə edir. İnvestisiya təşviqi sənədi almış 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.