CƏMİYYƏT


İndoneziya Azərbaycanın “ASAN xidmət” modelindən yararlanacaq

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 24-dən 26-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, İndoneziya Respublikasında dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandumu Azərbaycan tərəfdən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İndoneziya tərəfdən bu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur imzalayıblar.

İmzalanma mərasiminin yekunları üzrə keçirilən mətbuat konfransında çıxış edən Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan-İndoneziya dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçiliyi sahələrində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirən İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur növbəti illərdə bu modelin İndoneziyada uğurla tətbiq olunacağına əminliyini ifadə edib.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti İndoneziyanın İnvestisiya Əlaqələndirmə Şurası, Ədliyyə və İnsan Hüquqları Nazirliyində görüşlər keçirib, Cakarta şəhərinin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzinin fəaliyyəti ilə tanış olub.

Dövlət Agentliyinin nümayəndə heyəti, həmçinin Bali adasının Denapasar şəhərinin meri ilə görüşüb, şəhərin vahid məkandan ictimai xidmətlər göstərən mərkəzində olub.

Səfər çərçivəsində təşkil olunan görüşlərdə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev və Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyinin əməkdaşları da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.