DÜNYA
İndoneziya Cənubi Çin dənizinin mübahisəli hissəsini “Şimal dənizi Natuna” adlandırır
Tokio, 7 dekabr, AZƏRTAC
İndoneziya hökuməti ölkəsinə məxsus xəritələrdə Natuna adaları ətrafında yerləşən Cənubi Çin dənizinin bir hissəsini “Şimal dənizi Natuna” adlandırmaq qərarına gəlib. Güman edilir ki, bu addım Çinin iddialarının qarşısını almaq məqsədilə atılır.
Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, İndoneziyaya məxsus xəritələrdə “Şimal dənizi Natuna” adı gələn ildən tətbiq olunacaq.
Çinin mübahisəli demarkasiya xətti Natuna adaları ətrafında İndoneziyaya məxsus iqtisadi zonanın bir hissəsindən keçir. Cənubi Çin dənizinin böyük bir hissəsini əhatə edən həmin xətt Çinin bu regiona iddialarını bir daha təsdiq edir.
Cari ildə iki ölkə arasında Natuna adaları ilə bağlı ciddi mübahisə yaranıb. Yayılan xəbərlərə görə, həmin sularda qanunsuz ovla məşğul olan Çin balıqçı qayıqlarının sayının çoxalması İndoneziya hökumətini onların saxlanılması istiqamətində ciddi addımlar atmağa məcbur edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio