DÜNYA
İndoneziya Prezidenti Avstraliyaya səfərini təxirə salıb
Tokio, 6 noyabr, AZƏRTAC
Cakartada noyabrın 5-də baş verən qarışıqlıqlar səbəbindən İndoneziya Prezidenti Coko Vidodo Avstraliyaya rəsmi səfərini təxirə salıb. Bu barədə Avstraliyanın Baş naziri Malkolm Ternbull məlumat verib.
C.Vidodonun Avstraliyaya rəsmi səfəri çərçivəsində ikitərəfli danışıqların aparılması, İndoneziya Prezidentinin Avstraliya parlamentində çıxışı və digər tədbirlər nəzərdə tutulurdu.
Cakartada baş verən hadisələri tənqid edən İndoneziya Prezidenti onların təşkilində “siyasi oyunçuları” günahlandırıb. C.Vidodo deyib: “Əvvəldən dinc xarakter daşıyan mitinqin sonradan talana çevrilməsi təəssüf doğurur. Vəziyyətin siyasi oyunçular tərəfindən yaranmış şəraitdən istifadə edərək gərginləşdirilməsi aydın görünür”.
Mitinqçiləri, o cümlədən digər şəhərlərdən Cakartaya gələn vətəndaşları təcili evlərinə dönməyə çağıran C.Vidodo ümid etdiyini bildirib ki, cəmiyyət təmkin nümayiş etdirəcək və qayda-qanun təmin olunacaq.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, xarici işlər naziri Retno Marudiyə Avstraliyaya yeni səfərin tarixlərinin dəqiqləşdirilməsi barədə göstəriş verilib.
Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, şənbə günü Cakartada vəziyyət sabitləşib. Etiraz aksiyaları nəticəsində hərəkəti pozulan ictimai nəqliyyatın işi bərpa olunub.
Müxtəlif mənbələrin verdiyi məlumata görə, 50 mindən 200 minədək insanın iştirak etdiyi etiraz aksiyalarının səbəbi paytaxt qubernatoru, xristian dininə mənsub olan etnik çinli Basuki Çahaya Purnamın islam dininə və müqəddəs Qurana qarşı çağırışları olub. Bununla əlaqədar polis artıq qubernatoru istintaqa cəlb edib.
Prezident C.Vidodo Cakarta qubernatorunun sözləri ilə bağlı ciddi və təcili təhqiqat aparılacağını bildirib.
Noyabrın 5-də etiraz aksiyası cümə namazından sonra başlayıb və bəyaz geyinmiş insanlar məsciddən çıxaraq Prezident sarayına doğru hərəkət ediblər. Təqribən saat 18:00 radələrində mitinqçilərin bəziləri polis səddini qıraraq dövlət binalarına tərəf hərəkət etməyə, polisə daş və butulkalar atmağa başlayıblar. Bundan başqa avtomobillərə od vurulub və hüquq-mühafizə orqanlarının üzərinə içərisində yandırıcı maye olan butulkalar atılıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək mitinqçiləri dağıtmağa çalışıb. Nəticədə bir nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Məlumat üçün bildirək ki, 250 milyon əhalisi olan İndoneziyada sakinlərin 88 faizi islam dininə sitayiş edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio