İDMAN
İndoneziya, Sinqapur və Filippin KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb
Tokio, 29 iyun, AZƏRTAC
İndoneziya, Sinqapur və Filippin KİV-lərində iyunun 23-25-də Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisinə geniş yer verilib.
İnternet nəşrlərində dərc olunan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını ikinci dəfədir qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsidir.
Hər üç ölkənin demək olar ki, bütün media orqanlarının idman bölmələri Formula-1 yarışlarına yer ayırıb, hətta bunlardan bəziləri digər səhifələrdə də bu möhtəşəm yarışla əlaqədar məqalələr dərc ediblər. Yazılarda Formula-1 Azərbaycan Qran-Prisinin keçirildiyi Bakı treki, eləcə də ölkəmizin paytaxtı haqqında geniş məlumat verilib.
Bir sıra telekanallar, o cümlədən “Meto-TV” televiziyası yarışları birbaşa yayımla yerli tamaşaçılara təqdim edib. Telekanalın şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar.
Filippinin ixtisaslaşmış www.autodeal.com veb-saytı hazırladığı geniş reportajda Formula-1 Azərbaycan Qran-Prisinin ilin yarışı ola biləcəyini önə çəkib.
Məqalələrdə Azərbaycan Qran-Prisi zamanı favorit sayılan Sebastyan Vettel ilə Luis Hamilton arasında baş vermiş toqquşmadan bəhs olunub.
İndoneziya KİV-ləri bu ölkənin komandasının yarışlarda iştirakına geniş yer verib.
Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsi, yarışların dünya standartlarına uyğun təşkili, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılması əksini tapıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio