DÜNYA
İndoneziya: Təyyarə qəzası qurbanlarının axtarışı dayandırılır
Bakı, 3 mart, AZƏRTAC
İndoneziya xilasediciləri keçən ilin dekabrında qəzaya uğramış AirAsia şirkətinə məxsus təyyarənin qurbanlarının axtarışı üzrə genişmiqyaslı əməliyyatın sona çatdığını elan ediblər. Lakin Jakarta Post qəzetinin elektron versiyasında iki həftə ərzində bəzi işlərin davam edəcəyi bildirilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, milli xilasetmə və axtarış agentliyinin başçısı Bambanq Soelisti martın 3-də əməliyyatın gedişi, həmçinin təhqiqat barədə məlumat vermək üçün heyət üzvlərinin və sərnişinlərin yaxınları ilə görüşəcək.
Bununla yanaşı, agentlik planlar barədə İndoneziya Prezidenti Coko Vidodoya məlumat verildiyini və onun “təqdim olunan təkliflə tam razılaşdığını” da bildirib.
Qeyd edək ki, 2014-cü il dekabrın 28-də İndoneziyanın ikinci ən iri şəhəri olan Surabayadan Sinqapura yollanan AirAsia şirkətinə məxsus А320-200 təyyarəsi havaya qalxdıqdan 40 dəqiqə sonra Klimantan (Borneo) adası yaxınlığında radarlardan itmişdi. Hadisə zamanı təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub. Axtarış əməliyyatları nəticəsində indiyə qədər həlak olan 103 nəfərin cəsədi tapılıb.