DÜNYA
İndoneziya məhkəməsi İŞİD-i dəstəkləyənlərin həbsi barədə hökm çıxarıb
Cakarta, 10 fevral, AZƏRTAC
İndoneziya məhkəməsi İŞİD terrorçu təşkilatını dəstəklədiklərinə və təbliğ etdiklərinə görə yeddi nəfərin müxtəlif müddətlərə həbsi barədə hökm çıxarıb. Bu barədə “The Straits Times” qəzeti məlumat yayıb.
Məhkəmənin hakimi Sihlan bəyan edib ki, təhqiqat nəticəsində məhkumların terrorçu fəaliyyəti dəstəkləməsi və terror aktlarının hazırlanmasında iştirakı sübuta yetirilib.
Məhkum Tua Febrivansia İŞİD-in fəaliyyəti, dünyada törətdiyi terror aktları, bu qruplaşmada indoneziyalıların iştirakı haqqında xəbərlər saytı yaratdığına görə 5 il müddətinə həbs olunub. Onun 2014-cü ilin martında Cakartada keçirilmiş gizli görüşdə iştirak etdiyi də bildirilir.
Barəsində 3,5 il həbs qərarı çıxarılan Helmi Muhammad Alamudi isə terrorçulara maliyyə yardımı göstərməkdə təqsirli bilinib. Onun Suriyaya göndəriləcək İndoneziya vətəndaşları üçün 20 min ABŞ dolları topladığı və əvvəllər terrorçu qruplaşmasının təlim mərkəzində olduğu sübut olunub.
Xəbər verdiyimiz kimi, yanvarın 14-də Cakartanın mərkəzində baş vermiş silsilə terror aktları nəticəsində dörd nəfər həlak olub. Polis terrorçulardan ikisini məhv edib, digər iki terrorçu özünü partladıb. Terror aktlarına görə məsuliyyəti İŞİD-in yerli qruplaşması öz üzərinə götürüb, birbaşa təşkilatçı isə Bahrum Naim adlı indoneziyalı radikal olub. Xüsusi xidmət orqanları onun hazırda Rakka əyalətində gizləndiyini və İŞİD-in Cənub-Şərqi Asiya qruplaşmasının lideri olmağa can atdığını bildirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta