DÜNYA
İndoneziya meşə yanğınlarını söndürmək üçün beynəlxalq ictimaiyyətdən yardım istəyir
Cakarta, 7 oktyabr, AZƏRTAC
İndoneziya hökuməti Kalimantan və Sumatra adalarını ağuşuna almış meşə yanğınlarını söndürmək üçün təyyarələrin ayrılması xahişi ilə beynəlxalq ictimaiyyətə müraciət edib. Oktyabrın 7-də “Steyts Times” qəzetinin yazdığına görə, bu məsələdə hökumət əsasən Malayziya və Sinqapurun köməyinə arxalanır.
Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho bildirib ki, əgər bu dövlətlər həmin təyyarələrin ayrılmasına yardım edərsə, biz bunu alqışlayarıq. S.Nuqroho başqa dövlətlərin də yardımına ehtiyac olduğunu əlavə edib. Rusiya və Kanada ilə aparılan danışıqların uğursuz nəticələndiyini bildirən agentliyin rəsmisi bu ölkələrə məxsus təyyarələrin digər əməliyyatlara cəlb olunduğunu deyib.
Hazırda yanğınsöndürmə əməliyyatlarında istifadə olunan helikopterlərin hər biri 500 litr su daşıya bildiyi halda, məsələn, bir rus təyyarəsi 12 ton maye apara bilir.
Bir ay bundan əvvəl yanğınların yeni başladığı zaman Sinqapurun Müdafiə Nazirliyi Cakartaya yanğınla mübarizə üçün aviasiya və yağış buludunun yaradılması texnikasını təklif etmişdi. Lakin köməkdən imtina edən İndoneziya tərəfi bunun üçün başqasının yardımına ehtiyacı olmadığını bildirmişdi.
Milli agentliyin bildirdiyinə görə, hazırda yanğın 28 milyon yerli əhalini əhatə edib və 47,5 milyard dollar ziyan vurub. Bununla yanaşı, son günlər Mərkəzi Kalimantan və Cənubi Sumatrada vəziyyət daha da gərginləşib. Tüstü artıq Malayziyanın əksər ştatlarını, Sinqapurun bütün ərazisini, Filippinin Sebu kurort adasını və Tailandın bir sıra rayonlarını əhatəsinə alıb.
Süni peyklərdən alınmış görüntülərə görə, hazırda Sumatrada 1,8 min yanğın ocağı qeydə alınıb. Onların əksəriyyəti adanın cənubundakı palma yağı, kauçuk və oduncaq plantasiyalarında yerləşir. Yanğınlarla mübarizə üçün bir neçə min hərbiçi və polis əməkdaşı göndərilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta