CƏMİYYƏT
İndoneziya mətbuatı Azərbaycanın “ASAN xidmət” modelindən yazır
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 24-dən 26-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Ölkəmizin nümayəndə heyətinin İndoneziyaya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelini seçməsi bu ölkənin aparıcı mətbu orqanlarında əsas mövzularından birinə çevrilib və geniş işıqlandırılıb.
Belə ki, İndoneziyanın nüfuzlu mətbu orqanlarında “ASAN xidmət” modeli və onun uğurları xüsusi yer alıb, “ASAN xidmət”in 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülməsi vurğulanıb.
Bundan başqa, dərc olunan məqalələrdə İndoneziya və Azərbaycan əməkdaşlığının əhəmiyyətindən bəhs olunub, imzalanan Anlaşma Memorandumunun qarşılıqlı əməkdaşlığın inkişafı, xüsusilə də ictimai xidmətlərin təkmilləşdirilməsi sahəsində uğurlu addım olduğu bildirilib.