SİYASƏT


İndoneziya və Filippin mətbuatında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə dair məqalələr yayılıb

A+ A

Tokio, 28 oktyabr, AZƏRTAC.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar İndoneziya və Filippin mətbuatında məqalələr və Azərbaycan səfirinin müsahibələri yayımlanıb.

Ölkəmizin İndoneziyadakı səfiri Tamerlan Qarayev “İndoneziyanın səsi” ictimai radio kanalının ingilisdilli bölməsinə və dünya miqyasında tanınmış “Eurasia Review” jurnalına müsahibələr verib. Həmin müsahibələrdə səfir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük uğurlarla qeyd etməsindən danışıb, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə geniş məlumat verib.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, Ulu Öndərin apardığı siyasət və dərin islahatlar barədə məlumat verən səfir qeyd edib ki, məhz bunun nəticəsində dövlət müstəqilliyi möhkəmlənib. Vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasi xətti sayəsində Azərbaycan dünyada hərtərəfli inkişafı ilə tanınıb.

Müsahibələrdə ölkəmizin sürətli inkişafı və həyata keçirdiyi irimiqyaslı layihələr haqqında geniş məlumat verilib.

İndoneziyada dərc olunan “Bogor Today” qəzetinin son buraxılışında isə ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan-dünyadakı cənnətə səyahət” adlı məqalə dərc olunub. Məqalədə Qarabağın Azərbaycanın tarixi ərazisi olduğu, ölkəmizin mədəniyyəti və turizm imkanları, o cümlədən Naxçıvan Muxtar Respublikası və Naftalan şəhəri haqqında geniş məlumatlar yer alıb.

Filippində geniş oxucu auditoriyasına malik “The Manila Standard” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı “Azərbaycanlılar müstəqilliyi qeyd edirlər” adlı məqalə işıq üzü görüb. Məqalədə Azərbaycanın ilk dəfə 1918-ci ildə əldə etdiyi və cəmi 2 il yaşamış müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etməsi, müsəlman Şərqində ilk demokratik dövlət olması, hətta Avropa ölkələrindən əvvəl qadınlar üçün bərabər seçki hüququnun verildiyi və parlamentin qadın üzvləri haqqında söhbət açılıb.

Məqalələrdə ölkəmizdə aparılan siyasi və iqtisadi islahatlar, əldə edilən böyük uğurlar, demokratik dəyərlərin və insan hüquqlarının tətbiqi barədə məlumatlar da əksini tapıb.

Bundan əlavə, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar Cakarta şəhərində yerləşən “Sekolah İslam Harapan” tam orta məktəbində sonuncu sinif şagirdləri üçün xüsusi təqdimat keçirilib, əldə edilən nailiyyətlər haqqında məlumatlar verilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.