CƏMİYYƏT
“ASAN xidmət”in İndoneziyada interaktiv təqdimatı olub
Tokio, 24 mart, AZƏRTAC
Martın 24-də Cakartada İndoneziya Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi ofisinin təşəbbüsü ilə “İƏT ölkələrində qabaqcıl təcrübə: Vahid pəncərə xidmətləri. Azərbaycanın “ASAN xidməti” mövzusunda bu ölkədəki səfirliyimiz tərəfindən interaktiv təqdimat keçirilib.
İslam Əməkdaşlıq Təşkilatına üzv 29 ölkənin Cakartada akkreditə olunmuş diplomatlarının, eləcə də İndoneziyanın müvafiq dövlət qurumlarının məsul əməkdaşlarının iştirak etdikləri tədbirdə “ASAN xidmət”ə dair məlumat verilib, bu sistemin şəffaflıq və məsuliyyəti təmin etməklə korrupsiyaya qarşı mübarizədə çox səmərəli vasitəyə çevrildiyi bildirilib.
Qeyd olunub ki, vətəndaş məmnunluğuna istiqamətlənmiş dövlət siyasəti aparan Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərində dövlət qurumlarının və özəl təşkilatların 265-dən artıq xidməti təklif olunur. Həmin mərkəzlərdə Azərbaycan mütəxəssislərinin hazırladığı proqram təminatı vasitəsilə müasir informasiya texnologiyaları tətbiq edilir. “ASAN xidmət”in “İdeya bankı”, “ASAN imza”, “ASAN kadr”, “ASAN radio”, “ASAN məktub” və digər uğurlu layihə və fəaliyyət istiqamətlərinə dair dolğun məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, “ASAN xidmət” ictimai xidmətlərin göstərilməsində qabaqcıl model kimi dünyada tanınır və bu sahəni keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyən ölkələr üçün ən yaxşı təcrübədir. BMT Azərbaycanda yaradılmış “ASAN xidmət”i sosial sahədə nailiyyətlərdən biri hesab edərək onu 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görüb.
İndoneziyanın dövlət qurumlarının, eləcə də xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları “ASAN xidmət” sisteminin ölkələri üçün xüsusi maraq kəsb etdiyini bildirib, Azərbaycanın təcrübəsinin yaxından öyrənilməsinin və tətbiqinin vacibliyini qeyd ediblər.
Tədbirdə bu sahədə təcrübə mübadiləsinin konkret istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio