SİYASƏT
İndoneziyada “İRS-Warisan” jurnalının ilk nömrəsi nəşr olunmuşdur VİDEO
Cakarta, 20 iyun (AZƏRTAC). Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan “İrs” jurnalının İndoneziyada ilk nömrəsi çapdan çıxmışdır.
Jurnalın ilk səhifəsində indoneziyalı oxuculara müraciət edən “İRS-Warisan“ jurnalının baş redaktoru Musa Mərcanlı qeyd etmişdir ki, jurnalın nəşrində məqsəd İndoneziya xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və ölkəmizin inkişaf perspektivləri haqqında daha ətraflı məlumatlandırmaqdır.
İndoneziya dilində nəşr olunan jurnalda Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayevin Azərbaycan–İndoneziya diplomatik əlaqələrinin 22-ci ildönümünə həsr edilən məqaləsində iki ölkə arasında diplomatik münasibətlərin tarixinə nəzər salınmış, ölkələrimiz arasında sıx dostluq əlaqələrinin formalaşdığı vurğulanmışdır. Bildirilmişdir ki, iki ölkə arasında qarşılıqlı səfərlər intensiv xarakter almışdır və 2008-ci ildən etibarən Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən İƏT və BMT-də bir-birini dəstəklədiyi qeyd edilmişdir. Azərbaycan ilə İndoneziya arasında təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirildiyi vurğulanmışdır.
İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyantonun Azərbaycan mədəniyyətinə həsr edilmiş məqaləsində isə qədim və zəngin mədəniyyətimizdən söz açılmış, son illər Azərbaycanın sürətli inkişafı barədə indoneziyalı oxuculara ətraflı məlumat verilmişdir.
Azərbaycan Dillər Universitetinin müəllimi Nailə Zərbəliyevanın məqaləsində isə bu universitetdə fəaliyyət göstərən İndoneziya Mərkəzi haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, burada İndoneziya dilinin və mədəniyyətinin öyrənilməsi məqsədilə müxtəlif tədbirlərə geniş yer verilir.
Jurnalda dərc edilmiş digər məqalələrdə Azərbaycanda milli azadlıq hərəkatı, müstəqilliyin bərpasından sonra ortaya çıxan problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkənin xilası naminə həyata keçirdiyi qətiyyətli siyasəti barədə mövzulara xüsusi yer ayrılmışdır. Azərbaycan iqtisadiyyatının bərpasında və inkişafında xüsusi yeri olan “Əsrin müqaviləsi”, Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması səyləri də həmin məqalələrdə öz əksini tapmışdır.
Bundan əlavə, müsəlman Şərqində ilk demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti, müasir Azərbaycanda ordu quruculuğu, qədim Azərbaycan torpağı Qarabağ, milli adət və ənənələrimiz haqqında da jurnalda indoneziyalı oxuculara geniş məlumat verilmişdir.
Azərbaycanın bütün dünyada tolerant ölkə kimi tanınması ilə yanaşı, əhalinin əksəriyyətinin müsəlmanlardan ibarət olduğu qeyd edilmiş, ölkədəki dini məbədlərin dövlətin xüsusi qayğısı ilə əhatə olunduğu vurğulanmışdır.
Nəfis tərtibatı ilə seçilən “İRS-Warisan” jurnalının İndoneziyanın dövlət orqanlarına, elmi-tədqiqat institutlarına, universitetlərə və kitabxanalara paylanması nəzərdə tutulmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta