DÜNYA
İndoneziyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub
Tokio, 21 mart, AZƏRTAC
İndoneziyanın mərkəzi hissəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində göyərtədəki 13 nəfər həlak olub.
Qəza Sulavesi adasında yerləşən Mərkəzi Sulavesi əyaləti üzərində baş verib. Burada artıq iki ildir ki, “Şərqi İndoneziya mücahidləri”nin lideri Santosun axtarışları davam edir. Ölkə tarixinin ən iri əməliyyatlarından biri hesab olunan bu əməliyyatda polisin antiterror bölməsinin 2,5 mindən çox əməkdaşı iştirak edir.
İndoneziya Prezidenti Coko Vidodo Santosu “bir nömrəli terrorçu” elan edib və bildirib ki, onun məhvi antiterror əməliyyatlarının əsas prioritetlərindən biridir. Polisin qənaətinə görə, hüquq mühafizə orqanları əməkdaşlarının həlak olduğu terror aktlarının əksəriyyətinin təşkilatçısı məhz Santosdur. Santos isə özünü İŞİD qruplaşmasının İndoneziya ərazisindəki bölməsinin komandanı elan edib.