DÜNYA


İndoneziyada meşə yanğınları daxili aviareyslərin hərəkətini pozub

A+ A

Tokio, 29 avqust, AZƏRTAC

İndoneziyanın Sumatra adasında güclənən meşə yanğınları Riau əyalətində Pinanq-Kampay aeroportunun işini pozub. Aeroport rəisi Catur Harqovonun sözlərini sitat gətirən “Jakarta Post” qəzeti yazır: “Hazırda görüntü ən minimum səviyyəyə düşüb”.

Aeroport rəisinin sözlərinə görə, Pinanq-Kampay kimi uçuş-enmə zolağında işıqlandırma sistemi olmayan aeroportlar üçün təhlükəsiz görüntü məsafəsi 4,2 kilometr təşkil edir. Avqustun 28-də həmin aeroportda bu göstərici cəmi bir kilometrə enib. Nəticədə Cakartadan gələn təyyarənin pilotu Pinanq-Kampay aeroportunda deyil, əyalətin mərkəzi Pakanbaruda eniş etmək qərarına gəlib.

Aeroportun meneceri Hasturmanın “Detik.com” internet portalına bildirdiyinə görə, avqustun 29-da səhər görüntü 500 metrə düşüb.

Milli Aeronavtika və Kosmos İnstitutunun süni peyklərinin apardığı çəkilişlər zamanı ötən şənbə Riau əyalətində 30 yanğın ocağı qeydə alınıb. Kosmosdan aparılan çəkilişlər yanğınların çox böyük əraziləri əhatə etdiyini təsdiq edir.

“Detik.com” saytı isə məlumat verir ki, yanğın ocaqlarının sayı avqustun 29-da səhər 104-ə çatıb. Hazırda İndoneziyanın Cambi, Qərbi Klimantan, Riau, Mərkəzi Klimantan, Cənubi Sumatra və Cənubi Klimantan əyalətlərində meşə yanğınları ilə bağlı həyəcan elan olunub.

İndoneziyada meşə yanğınları hər il minlərlə hektar ərazini əhatə edir. Adətən bu yanğınlar quraqlıq fəsli ilə bərabər başlayır və sentyabrda ən yüksək həddə çatır. Meşə Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, hazırda yanğınlar 2,8 min hektar ərazini əhatə edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.