DÜNYA
İndoneziyada meşə yanğınlarını söndürmək üçün 22 mindən çox yanğınsöndürən cəlb olunub
Tokio, 18 avqust, AZƏRTAC
Cari ildə İndoneziyanın müxtəlif əyalətlərində baş verən meşə yanğınlarını söndürmək üçün 22 mindən çox yanğınsöndürən və xilasedici cəlb olunub. Bu barədə “ The Straits Times” qəzetinə müsahibəsində Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Purvo Nuqroho məlumat verib.
O deyib: “Meşə yanğınlarının sayı daim dəyişir, eyni zamanda, əsas yanğınların quru və küləkli havanın üstünlük təşkil edəcəyi sentyabrda olacağını gözləyirik”. Onun sözlərinə görə, Cambi, Qərbi Kalimantan, Riau, Cənubi Sumatra əyalətlərində vəziyyət daha ağırdır və həmin ərazilərə 22 min yanğınsöndürən və xilasedici, 11 xüsusi yanğınsöndürən təyyarə göndərilib.
Hidromeliorasiya Milli Agentliyinin rəhbəri Nazir Foeadın sözlərini sitat gətirən qəzet yazır ki, cari ildə müəssisələr bu işdə yaxından kömək edirlər. N.Foead deyib: “Yanğın ocağı aşkar edilən kimi, həmin sahəyə odu söndürməklə məşğul olan əməkdaşlar göndərilir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio