DÜNYA
İndoneziyada meşə yanğınlarını törədən şirkət külli miqdarda cərimə ödəyəcək
Tokio, 14 avqust, AZƏRTAC
İndoneziya məhkəməsi fəaliyyəti böyük meşə yanğınlarına səbəb olmuş şirkətin ölkə tarixində ən böyük məbləğdə cərimə ödəməsi barədə qərar qəbul edib. “Straits Times” qəzetinin verdiyi məlumata görə, kraxmal və palma yağı istehsalı ilə məşğul olan “Sago Prima” şirkəti ümumilikdə bir trilyon rupi (təqribən 80 milyon dollar) məbləğində cərimə ödəyəcək.
Cərimə məbləğinin üçdə biri şüurlu şəkildə meşə yanğınları törədildiyinə görə, qalanı isə Riau əyalətində məhv edilmiş 3 min hektar meşənin bərpası üçün ödəniləcək.
Şirkətə qarşı iddia İndoneziyanın Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən ötən ilin oktyabrında qaldırılıb. Nazirlik məhkəmədən şirkətin tamamilə bağlanmasını tələb etsə də bu iddia qəbul olunmayıb.
Xəbər verdiyimiz kimi, 2015-ci ildə regionda baş verən meşə yanğınları və tüstü İndoneziya, Malayziya, Sinqapur, Tailand, Filippinin cənub və Laosun mərkəzi əyalətlərində milyonlarla insanın narahatlığına səbəb olmuşdu.
Həmin yanğınların söndürülməsi üçün ölkə tarixində ən böyük xilasetmə əməliyyatı keçirilmiş, bu əməliyyatlara 20 mindən çox insan cəlb edilmişdi. Rəsmi Cakarta yardım üçün beynəlxalq ictimaiyyətə, o cümlədən Avstraliya, Yaponiya, Rusiya, Malayziya və Sinqapura müraciət etmişdi.
Yanğınlar nəticəsində 24 yerli sakin həlak olmuşdu. Dünya Bankının məlumatına əsasən, 2,6 milyon hektar meşə sahəsi məhv edilmiş, ümumilikdə ölkəyə 16,1 milyard dollar zərər dəymişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio