ELM VƏ TƏHSİL
İndoneziyalı qonaqlar Azərbaycan Dillər Universitetində
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov İndoneziya Respublikasının Din Nazirliyinin xüsusi əməkdaşı Hadi Rahmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə D.Yunusov qonaqlara bu ali məktəbin yaranması, beynəlxalq əlaqələri və tədris prosesi barədə ətraflı məlumat verib. Universitetdə 17 dil və mədəniyyət mərkəzinin, o cümlədən 2010-cu ildə yaradılmış İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
İndoneziya Respublikasının Din Nazirliyinin Araşdırmalar və İnkişaf Mərkəzinin əməkdaşı Xoyrul Fuad Yusuf ADU-da İndoneziya dilinin tədrisini, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. O, belə görüşlərin əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini bildirib.
Qonaqlar regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin indoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşüb, İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Tələbələrə İndoneziya Respublikası barədə ətraflı məlumat verilib, mərkəzə kitablar hədiyyə edilib.