SİYASƏT


İndoneziyalı rəsmilər Azərbaycanın uğurları barədə məlumatlandırılıb

A+ A

Tokio, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur və nazir müavini Diah Natalisa ilə görüşüb.

Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdikləri görüşdə səfir oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğu barədə məlumat verib. Bildirib ki, müstəqilliyin ilk illəri faciəvi, dərin siyasi və iqtisadi böhran dövrü kimi xarakterizə olunur. Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalan Azərbaycan ərazisinin 20 faizini itirib, bir milyon soydaşımız doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistandan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də işğalçı ölkə buna hələ də məhəl qoymur.

Vurğulanıb ki, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun apardığı siyasət və həyata keçirilən dərin islahatlar ölkəmizi ağır böhrandan çıxarıb. Prezident İlham Əliyevin ardıcıl siyasi xətti sayəsində bu gün Azərbaycan bütün dünyada sabitliyi və hərtərəfli inkişafı ilə tanınır.

Qeyd olunub ki, son 20 ildə iqtisadiyyatına 200 milyard ABŞ dolları həcmində sərmayə cəlb edən Azərbaycan Davos İqtisadi Forumunun hesabatında iqtisadiyyatın rəqabətə davamlılığı baxımından 37-ci yeri tutub. Hazırda bütün göstəricilərə görə regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı, qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və mədəni müxtəlifliyi ilə dünyanın diqqətini cəlb edir.

Görüşdə ölkəmizin nailiyyəti kimi “ASAN xidmət”ə xüsusi diqqət yetirilib. Səfir T.Qarayev “ASAN xidmət”in ölkəmizin brendinə çevrildiyini və “bir pəncərə” prinsipi əsasında qurulmuş bu sistemin şəffaflıq və məsuliyyəti təmin etməklə korrupsiya üçün şəraitin aradan qaldırılmasında çox səmərəli vasitə olduğunu, nəticədə korrupsiyanın sıfıra endiyini, dövlət orqanlarına olan etimadın möhkəmləndiyini, “ASAN xidmət” mərkəzlərində 300-ə yaxın xidmət göstərildiyini vurğulayıb.

Görüşdə İndoneziya tərəfi “ASAN xidmət”in müvəffəqiyyətini yaxından öyrənmək niyyətini bildirib. Bu sahədə qarşılıqlı maraq kəsb edən məsələlər və təcrübə mübadiləsinin konkret istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.