REGİONLAR
İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Quba Soyqırımı Memorial Kompleksində olub VİDEO
Quba, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycana səfərə gələn İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis oktyabrın 22-də Quba rayonunda olub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov qonağı səmimiyyətlə qarşılayaraq, ona Qubanın təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.
Daha sonra İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.
Qonağın diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Nur Xolis Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı.
İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə də olub, burada yaşayan yəhudi icmasının nümayəndələri ilə görüşüb.
Hörmətli qonağın diqqətinə çatdırılıb ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə yanaşılır. Qubada yerli əhali ilə qaynayıb-qarışan dağ yəhudiləri də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.
Sonra indoneziyalı qonaq Quba şəhərinin digər görməli və tarixi yerləri ilə yaxından tanış olub.