SİYASƏT
İndoneziyanın nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 8 sentyabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq və onun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 8-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
İndoneziya Xalq Məşvərət Məclisinin sədr müavini jurnalistlərə səfərin məqsədi barədə məlumat verərək deyib: “Məqsədimiz ölkələrimiz arasında münasibətləri daha da yaxınlaşdırmaqdır. Bir sıra görüşlərimiz olacaq və burada gələcək münasibətlərin perspektivləri müəyyənləşdiriləcək. Biz ölkənizin inkişafını yaxından izləyir və onu beynəlxalq arenada dəstəkləyirik. Ən mötəbər tədbirlərdə dəfələrlə sübut olunub ki, Azərbaycan və İndoneziya hər zaman bir-birinə kömək etmək əzmindədir”.