DÜNYA
İndoneziyanın yeni Prezidenti vəzifəsinin icrasına başlayıb
İndoneziyanın yeni Prezidenti Coko Vidodo oktyabrın 20-də and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.
Yeni Prezidentin inauqurasiya mərasimi parlamentin binasında keçirilib və milli televiziya ilə nümayiş olunub.
Mərasimdə İndoneziyanın 10 il əvvəl birbaşa seçki yolu ilə seçilmiş ilk Prezidenti Susilo Bambanq Yudohoyono hakimiyyət səlahiyyətlərini öz xələfinə təhvil verib.
Azərbaycanın İndoneziyadakı səfirinin də qatıldığı inauqurasiya mərasimində Avstraliyanın, Malayziyanın və Sinqapurun Baş nazirləri, ABŞ-ın dövlət katibi Con Kerri də iştirak ediblər.
Coko Vidodo ilə birlikdə keçmiş vitse-prezident, həmin vəzifəyə təkrar namizədliyini irəli sürmüş Yusuf Kalla da parlamentdə and içib.
Xatırladaq ki, iyulun 9-da İndoneziyada keçirilmiş prezident seçkilərində seçicilərin təqribən 70 milyonu (53,15 faiz) Coko Vidodoya səs vermişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta