DÜNYA
İndoneziyaya məxsus gəmi Yava dənizində batıb
Tokio, 6 dekabr, AZƏRTAC
İndoneziyanın mal-qara daşınması ilə məşğul olan “Sinar Mutiara” adlı gəmisi dekabrın 5-də Yava dənizində, Madura adasının yaxınlığında batıb.
Dekabrın 6-da Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinin ərazi üzrə əlaqələndiricisi Pamekasa Budi Çahono bildirib ki, göyərtəsində 16 nəfərin olduğu gəminin qəzaya uğradığı yer hələlik tam dəqiqləşməyib.
ANTARA informasiya agentliyinin verdiyi məlumata görə, heyət üzvlərindən biri ailəsi ilə mobil telefon vasitəsilə son əlaqə zamanı gəminin Madura yaxınlığında batmaqda olduğunu deyib və kömək göndərilməsini xahiş edib. Məlumatda deyilir ki, dənizçinin ailə üzvləri kömək göstərilməsi üçün dərhal yerli hakimiyyət orqanlarına müraciət ediblər.
P.B.Çahono əlavə edib ki, yerli sakinlərin xilasedicilərlə birlikdə axtarışları hələlik heç bir nəticə verməyib. Qəzanın başvermə səbəbləri dəqiq bilinməsə də, gəminin hündür dalğa ilə qarşılaşdığı güman olunur.
Son həftə ərzində bu, Yava dənizində baş verən ikinci gəmi qəzasıdır. Ötən istirahət günlərində Karavanq rayonu yaxınlığındakı sularda baş vermiş qəzada yeddi balıqçı həlak olub, dördü isə itkin düşüb. Qərbi Yava əyaləti üzrə axtarış-xilasetmə idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, yalnız üç nəfəri xilas etmək mümkün olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio