CƏMİYYƏT
İnək südü D vitamini qıtlığı riskini azaldır
Alimlərin sonuncu tədqiqatları zamanı müəyyən olunub ki, süd içmək əzələ və sümük toxumalarının böyüməsi və formalaşması üçün zəruri maddələrdən biri olan D vitamini qıtlığının inkişafı riskini azaldır. AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Science World Report” nəşrində dərc olunub.
Mütəxəssislər 1-6 yaşında olan 3821 sağlam uşağın müayinə məlumatlarını təhlil ediblər. Onların 87 faizi müntəzəm şəkildə inək südü içib, qalan 13 faizinə ümumiyyətlə süd verilməyib. Tədqiqatın nəticələrinə görə, süd içməyən uşaqlar D vitamini qıtlığı ilə iki dəfə çox üzləşib. Alimlərin fikrincə, süd içə bilməyənlər üçün südü onun kimi faydalı olan başqa məhsul ilə əvəz etmək lazımdır.
Qeyd edək ki, inək südünün faydalı və ya ziyanlı olması barədə ümumi fikir yoxdur. Bəzi alimlər südün tərkib hissələrindən biri olan laktozaya allergiya hallarından danışır, digərləri isə südü insan orqanizmi üçün ən fizioloji maye kimi nəzərdən keçirirlər.