SİYASƏT
“Infobae” portalında Azərbaycanla bağlı yayılmış məqalədə oxucuda çaşqınlıq yarada biləcək məqamlara aydınlıq gətirilib
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanovun bu ölkənin “Infobae” xəbər portalında məqaləsi yayılıb. Məqalədə bir müddət əvvəl bu portalda yayılmış “Infobae Red Global”ın jurnalisti Azərbaycan hökumətinin qara siyahısına daxil edilib” adlı yazı ilə əlaqədar oxucularda çaşqınlıq yarada biləcək bəzi məqamlara aydınlıq gətirilir.
Müvəqqəti işlər vəkili qeyd edir ki, Dağlıq Qarabağ və 7 ətraf rayon BMT və digər beynəlxalq təşkilatların bütün sənədlərində tanınmış beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının legitim ərazisinin ayrılmaz tərkib hissəsidir. Hazırda qeyd olunan ərazilər Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğal nəticəsində Azərbaycanın nəzarəti xaricindədir.
Bu səbəbdən Azərbaycan Xarici İşlər Nazirliyi siyasətçi, parlament üzvü, idmançı, alim, tələbə, iş adamı, jurnalist, turist və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün xarici vətəndaşları Azərbaycan Respublikasının razılığı olmadan qeyd edilən ərazilərə hər hansı səfərin həyata keçirilməsinin onun suverenlik, ərazi bütövlüyü və sərhəd haqqında qanununun, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirilməsi barədə məlumatlandırır. Eyni zamanda, separatçı rejimin təxribatının qurbanı olmaması üçün Azərbaycan rəsmilərinin icazəsi olmadan həmin ərazilərə səfərdən çəkinməyə çağırır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların daxil olduğu siyahısından bəhs edən diplomat yazır: “Nazirlik xəbərdar edir ki, Azərbaycan Respublikasının ilkin razılığı olmadan işğal edilmiş ərazilərə səfər edən xarici vətəndaşların Azərbaycana sonrakı girişinə qadağa qoyulacaq. Bu prosedur yenilik deyil və bir çox ölkələrin təcrübəsində mövcuddur.
Azərbaycan hökuməti adları siyahıda olan şəxslərin adlarının həmin siyahıdan çıxarılması barədə müraciətlərinə baxmağa hazırdır. Adları həmin siyahıya salınmış çoxlu sayda şəxsin müraciətlərinə müsbət cavab verilərək onların adları siyahıdan çıxarılıb”.
Müvəqqəti işlər vəkili diqqətə çatdırır ki, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərə alaraq münaqişə və cari vəziyyət haqqında yazmaq istəyən jurnalistlər, eyni zamanda, istənilən xarici vətəndaş Azərbaycan Respublikasına daxil olmaq üçün Xarici İşlər Nazirliyindən şərtlərlə bağlı məlumat almalı və müvafiq qaydada qanuni giriş üçün icazə (viza) sorğu etməlidir. “New York Times”, “BBC”, “Al Jazeera” və digər tanınmış KİV nümayəndələri Azərbaycanın Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin razılığı ilə səfər ediblər.
Azərbaycan hökuməti “Infobae” portalındakı məqalədə qeyd olunduğu kimi, jurnalistlərin Dağlıq Qarabağ ərazisinə getməsini və oradan gələn xəbərlərin yayılmasını qadağan etmir. “Əksinə, hesab edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalına səbəb olan münaqişə barədə həqiqətləri dünya birliyi öyrənməlidir. Habelə, qeyd olunmalıdır ki, etnik təmizləmə və Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı evindən didərgin salınıb və minlərlə mülki şəxs öldürülüb. Biz bu münaqişəyə dair həqiqətlərin yayılmasında daha maraqlı tərəfik”, - deyə diplomat qeyd edir.