ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu Çinin Anhui Universiteti ilə əməkdaşlıq edəcək
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Çinin Anhui Universitetinin professoru Bin Luo ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd İnformasiya Texnologiyaları İnstitutu ilə Anhui Universiteti arasında əməkdaşlıq və birgə elmi-tədqiqat imkanlarının müzakirəsi olub.
Rəhbərlik etdiyi tədqiqat qrupunun fəaliyyəti haqqında məlumat verən B.Luo bildirib ki, aparılan elmi-tədqiqatlarda təsvirlərin emalı üçün qraflar nəzəriyyəsi tətbiq olunur. Onun sözlərinə görə, hər bir təsvirin çəkili qraflarla təmsil edilməsi və müvafiq qrafların müqayisəsi nəticəsində təsvirlərin emalı həyata keçirilir. Ümumiyyətlə, Anhui Universitetində obrazların tanınması istiqamətində B.Luonun rəhbərliyi ilə 100 alim fəaliyyət göstərir. B.Luo İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar sahəsində aparılan elmi-tədqiqatlara maraqlı olduğunu qeyd edib.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi institutda obrazların tanınması, təsvirlərin və verilənlərin emalı sahələrində araşdırmaların aparıldığını bildirib. Bu istiqamətdə Anhui Universitetinin təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu diqqətə çatdırıb. Alim kadr mübadiləsi, birgə tədqiqatlar və konfransların keçirilməsi, həmçinin digər istiqamətlərdə ikitərəfli əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.
Görüşdə hər iki tərəfin fəaliyyət göstərdikləri elmi istiqamətlər haqqında geniş məlumatların təqdim olunması, əməkdaşlığın qurulması və birgə layihələrdə iştirakın həyata keçirilməsi qərara alınıb.