CƏMİYYƏT


İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosiasiyasında ölkəmizi təmsil edir

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosiasiyası və onun tərəfdaş olduğu layihələrdə ölkəmizi təmsil edir.

AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində AzScienceNet elm və təhsıl şəbəkəsinin sürətli inkişafına nail olunduğunu bildirib.

Akademik qeyd edib ki, Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün GEANT şəbəkəsi tərəfindən həyata keçirilən “EaPConnect” layihəsi yerli alim, tələbə və tədqiqatçıların qlobal təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan verib.

R.Əliquliyev elektron elmin texnoloji platforması olan AzScienceNet-in infrastrukturunun 95 faizinin fiber-optik kabel əsasında qurulduğunu, texniki imkanlarının artırılmasından sonra internetə çıxış sürətinin 410 meqabit saniyəyə çatdırıldığını, AMEA-nın institut və təşkilatlarının AzScienceNet şəbəkəsinə qoşularaq genişzolaqlı internet istifadəçisinə çevrildiyini söyləyib.

Qeyd olunub ki, AzScienceNet-də AMEA-nın elmi qurumlarının əməkdaşlarına göstərilən “Eduroam” xidməti internet şəbəkəsinə ödənişsiz və sərbəst qoşulmaq imkanı verir. Bu xidmət AzScienceNet istifadəçilərinə dünyanın istənilən yerindən qlobal internet şəbəkəsinə qoşulmağa şərait yaradır.

AzScienceNet-in verilənlərin emalı mərkəzi (Data Mərkəz) barədə danışan R.Əliquliyev bildirib ki, texniki göstəricilərinə görə beynəlxalq standartlara cavab verən Data Mərkəz AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası üçün geniş imkan yaradır, hostinq, bulud servisləri təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.