ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu Romada keçiriləcək beynəlxalq konfransların məsləhət komitəsində təmsil olunur
Bakı, 1 iyul, AZƏRTAC
Noyabrın 23-24-də Romada “ATScience Academic Publishing Group”, Selcuq və Palerma universitetlərinin birgə təşkilatçılığı ilə “Qabaqcıl texnologiyalar və elmlər üzrə beynəlxalq konfrans” (ICAT 2016) keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq konfransın məsləhət komitəsində təmsil olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsinin əsas məqsədi müvafiq istiqamətlər üzrə dünya universitetləri və elmi təşkilatlar arasında əməkdaşlığın formalaşması, qabaqcıl təcrübənin və elmi ideyaların yayılması, birgə elmi əsərlərin, kitabların, monoqrafiyaların, jurnalların nəşri və elmi nailiyyətlərin əldə olunmasıdır.
İnstitutun baş elmi işçisi Zərifə Cəbrayılova İnformasiya Texnologiyaları İnstitutunu bu konfransların beynəlxalq məsləhət komitəsində təmsil edir.
Qeyd edək ki, konfransa təqdim olunmuş elmi əsərlər nəşr olunmaqla yanaşı, xüsusi maraq doğuran məqalələr “International Journal of Intelligent Systems and Applications in Engineering”, “International Journal of Applied Mathematics”, “Electronics and Computers”, “International Journal of Energy Applications and Technology”, “International Journal of Automotve Engineering and Technologies” jurnallarında dərc olunacaq.