İQTİSADİYYAT


İnformasiya Texnologiyaları İnstitutuna ayrılmış vəsaitlərin icra vəziyyəti ilə bağlı keçirilmiş auditin nəticələri açıqlanıb

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna 2015-2016-cı illərdə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də, bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Audit tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu üzrə ümumilikdə 10377,9 min manat məbləğində vəsaiti əhatə edib.

İnformasiya Texnologiyaları İnstitutu tərəfindən auditlə əhatə olunan illərdə büdcə vəsaitləri və büdcədənkənar daxilolmalar üzrə proqnozlar tərtib edilərkən "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın bir sıra tələbləri gözlənilməyərək İnstitutun maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bir çox xərc maddələri üzrə müvafiq hesablamalar aparılmayıb və nəticədə xərclər smetasının bəzi xərc maddələri üzrə icra aşağı olub və eləcə də xərc maddələri üzrə çoxsaylı dürüstləşmələr aparılıb.

Büdcədənkənar vəsaitlərin əsasən informatika fənnindən təşkil olunmuş kurslarda iştirak etmiş doktorant və dissertantların təhsil haqlarından və fərdi kompüter kurslarından daxilolmalardan formalaşdırılması nəzərdə tutulsa da, 2015-2016-cı illərdə bu mənbədən nəzərdə tutulmuş məbləğin müvafiq olaraq 50,2 faiz və 60,4 faizi qədər vəsait daxil olub.

İnstitut tərəfindən dövlət qurumları və strukturları, müxtəlif idarə, təşkilat, müəssisə və şirkətlər üçün yüksək dizayna və keyfiyyətə malik veb-saytlar hazırlanmasına baxmayaraq Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elm bölmələrinin və onun strukturuna daxil olan elmi müəssisə və təşkilatların veb-saytlarının yaradılması üçün müxtəlif təşkilatlara vəsait ödənilməklə səmərəsiz xərcə yol verilib, 2016-cı ilin aprel-noyabr ayları ərzində alınmış birillik lisenziyalı proqram təminatından 43,0 faizi istifadə edilməyib, satınalma müqaviləsində nəzərdə tutulmuş malların markası dəyişdirilməklə alınması hesabına artıq xərcə yol verilib, 2013-2014-cü illərdə alınmış informasiya telekommunikasiya avadanlıqları hal-hazıradək istifadə edilməyərək saxlanılıb.

İnformasiya Texnologiyaları İnstitutunun mühasibatlığı tərəfindən audit olunan dövr ərzində maliyyə hesabatları bəzi hallarda uçotun təşkili və aparılmasına dair təlimatın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib.

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya Qərarının surəti Azərbaycan Milli Elmlər Akademiyasına və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.