ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet” şəbəkəsinin infrastrukturu genişləndirilir
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ötən 6 ayda “AzScienceNet” elm-kompüter şəbəkəsi infrastrukturunun genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, burada mobil bulud texnologiyalarında virtual resurslardan səmərəli istifadə, “Əşyaların İnterneti”nin mövcud vəziyyəti və inkişaf perspektivləri, verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması, superkompüter texnologiyaları və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb. AMEA-nın institut və təşkilatlarının 270 yeni kompüteri “AzScienceNet” şəbəkəsinə qoşulub, akademiyanın bir neçə institut və təşkilatına Wi-Fi, “Eduroam” kimi yeni internet xidmətlərindən istifadə imkanı təqdim edilib. Eyni zamanda, kompüter şəbəkələrinin fiber-optik əlaqə kanalı vasitəsilə “AzScienceNet” qoşulması işləri yerinə yetirilib. “AzEduNet” təhsil şəbəkəsinin “AzScienceNet”ə qoşulması işləri də elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilib.