ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda magistratura təhsilinin təşkili yeni bir mərhələnin başlanğıcıdır
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda magistratura təhsilinin təşkili qurumun həyatında yeni bir mərhələnin başlanğıcıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev cari ildə magistratura təhsilinin təşkili və həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə məlumat verib.
R.Əliquliyev gənc kadrların elmi fəaliyyətinin daha səmərəli təşkili üçün institutun hər bir əməkdaşının bu prosesə cəlb edilməsi və fəal iştirakının vacibliyini bildirib. Qeyd olunub ki, institutda təhsil alacaq magistrantların hər biri ilə fərdi qaydada işləmək, onlara beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün şərait yaratmaq bu prosesin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edəcək əsas amillərdir.
Akademik ötən ildən təşkil edilmiş magistratura təhsili barədə məlumat verib. Bildirilib ki, builki müsahibədə AMEA-nın 21 institutu üzrə 611 nəfər iştirak edib, 56 nəfər qəbul olunub. Ən çox müraciət isə İnformasiya Texnologiyaları İnstitutunda (84 nəfər) qeydə alınıb.
İnstituta 2016/2017-ci tədris ili üçün keçirilmiş müsabiqədə kompyuter mühəndisliyi, informasiya mühafizəsi və təhlükəsizliyi, kompyuter sistemlərinin və şəbəkələrinin proqram təminatı ixtisasları üzrə üç yer ayrılıb.
Alim magistratura təhsilinin yüksək səviyyədə təşkilinin əhəmiyyətindən söz açaraq qeyd edib ki, tədris prosesində ölkənin nüfuzlu ali məktəbləri ilə sıx əməkdaşlıq əlaqələri qurulmalı, tədris olunacaq fənlər daha da təkmilləşdirilməlidir.
Sonra institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı, əsas istiqamətlər, ixtisaslaşma və seçmə fənlər, tədris planı haqqında ətraflı məlumat verib.
İnstitutun əməkdaşları magistratura təhsilinin təşkili, həyata keçirilməsi və təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərini bildiriblər.