ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda qazaxıstanlı tələbələr üçün elmi təcrübə kursuna başlanılıb
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Qazaxıstanın paytaxtı Astana şəhərindəki L.Qumilyov adına Avrasiya Milli Universitetinin informasiya texnologiyaları fakültəsinin informatika, hesablama texnikası və proqram təminatı, avtomatlaşdırma və idarəetmə ixtisasları üzrə təhsil alan 15 magistrantın iştirak edəcəyi elmi təcrübə kursuna başlanılıb.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, təcrübə kursu peşəkar kadrların hazırlanmasının səmərəliliyinin artırılması və elmi tədqiqatların aparılmasına dəstək verilməsi məqsədilə iki qurum arasında imzalanmış müqaviləyə əsasən keçirilir.
Əvvəlcə magistrantları İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış etmək məqsədilə görüş keçirilib.
İTİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “İnformasiya Texnologiyaları İnstitutunda tədqiqat, təhsil, innovasiya və şəbəkələşmə” mövzusunda təqdimatla çıxış edib. Tələbələrə institutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, iştirak etdiyi dövlət proqramları və layihələr, beynəlxalq və respublika səviyyəli konfranslar haqqında ətraflı məlumat verilib.
İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatların aparıldığını, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirildiyini söyləyən V.Musayev əməkdaşlar tərəfindən nəşr olunan məqalələr barədə statistik göstəriciləri diqqətə çatdırıb.
Məruzəçi magistrantlara institutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesinin bu mərkəzdə həyata keçirildiyini bildirib.
Sonda suallar cavablandırılıb.