İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap ekosisteminin inkişafına dəstək verir
Bakı, 29 aprel, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda “Startap Azərbaycan” layihəsi çərçivəsində “Startap ekosisteminin inkişafında biznes inkubatorların, akseleratorların və digər dəstək proqramlarının rolunun gücləndirilməsi” mövzusunda görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə startapların kommersiyalaşdırılması, investrorlar klubunun yaradılması və informasiya texnologiyaları layihələrinə maliyyə yatırımı edən investorların maraqlarının qorunması, startap mədəniyyəti, biznes inkubator və akseleratorlarda fəaliyyət göstərən müəllim-tələbə heyətinin stimullaşdırılması və digər məsələlər müzakirə edilib.
Fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, tədbirin məqsədi ölkədə startap hərəkatının genişlənməsi, innovativ layihələrin inkişafı və bu sahədə mövcud problemlə haqqında fikir mübadiləsi aparmaqdır. İcraçı direktor, həmçinin fondun startap layihələrə göstərdiyi dəstək barədə məlumat verib.
Görüşdə “Startap Azərbaycan” Hərəkatı, Yüksək Texnologiyalar Parkı, Qafqaz Universitetinin Texnoparkı, Memarlıq və İnşaat Universitetinin Biznes İnkubatoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “NextStep” İnnovasiya Mərkəzi, “Azercell”in Barama İnnovasiya Mərkəzi, “Bakcell”in AppLab İnnovativ Mobil İnkişaf Mərkəzi, “Baku Business Factory” və digər startap ekosisteminin üzvləri də çıxış ediblər.
Sonda startap layihələrinin inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
İndiyədək fond tərəfindən 3 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr çərçivəsində fonda 461 layihə təqdim edilib. Onlardan 62-si bütün mərhələlərdən keçərək Fondun Müşahidə Şurası tərəfindən qalib elan edilib. Qrant müsabiqələrinin qaliblərinə, ümumilikdə, 860 min manatdan artıq vəsait ayrılıb ki, bu da, öz növbəsində, innovativ bizneslə məşğul olan gənc sahibkarların öz ideyalarını reallaşdırmasında önəmli rol oynayıb. Qrant müsabiqələrinin qaliblərinin 43 faizi yaşı 29-dan aşağı olan şəxslərdir.