İQTİSADİYYAT


İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqə çərçivəsində fonda 121 layihə təqdim edilib. Layihələr fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada təqdim olunub. Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb: e-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması; innovativ İKT məhsulları nümunələrinin hazırlanması; innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu.

Layihələr 2 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu iyulun 1-dən sentyabrın 1-dək davam edib.

Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.