İQTİSADİYYAT
İnformasiya-kommunikasiya texnologiyaları üzrə III Azərbaycan-Belarus forumu keçiriləcək
Bakı, 1 aprel, Laçin Sultanova, AZƏRTAC
Bu il informasiya-kommunikasiya texnologiyaları üzrə III Azərbaycan-Belarus forumunun keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyətinin Bakıdakı görüşləri zamanı əldə olunub. Forumu bu ilin dekabrında “Bakutel-2015” sərgi-konfransı çərçivəsində keçirmək nəzərdə tutulub.
Xatırladaq ki, nümayəndə heyəti Bakıda üçgünlük səfərə gəlib. Görüşlərdə İKT sahəsinin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərilib. Elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnologiya parkları, kosmik sənaye və s. sahələrdə münasibətləri inkişaf etdirmək üçün yüksək potensialın olduğu qeyd edilib.