İQTİSADİYYAT
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər Bakıda toplaşıblar
Bakı, 25 may, Laçın Sultanova, AZƏRTAC
Bakıda informasiya təhlükəsizliyi üzrə rusdilli mütəxəssislərin “İnformasiya təhlükəsizliyi kodu” mövzusunda beynəlxalq konfransı keçirilir. Konfransda dünyanın beş ölkəsindən 26 şəhəri təmsil edən mütəxəssislər iştirak edirlər.
Tədbirin baş media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, konfransın təşkilatçısı Ekspo-Link şirkətidir. Şirkətin baş direktoru Olqa Pozdnyak belə konfransların keçirilməsi layihəsi barədə məlumat verib. Konfransların coğrafiyasının ilbəil genişləndiyini bildirən O. Pozdnyak deyib ki, bu görüşün əsas məqsədi informasiya təhlükəsizliyinin idarə edilməsi, bu sahədə mühüm aspektlərin, şirkətlərin əməkdaşlarının bu sahədə savad səviyyəsinin müəyyən olunması, test yoxlamaları və təcrübə mübadiləsi aparmaq, mövcud problemləri və onların həlli yollarını müzakirə etməkdir.
İnformasiyanın qorunması sahəsində qabaqcıl texnologiyalar üzrə mütəxəssislər, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi departamentlərinin əməkdaşları bir məkanda toplaşıblar.
Tədbirin əsas spikerləri - informasiya təhlükəsizliyi sahəsində tanınmış ekspertlər Rüstəm Xeyrəddinov (InfoWatch, Moskva), Aleksandr Tvaradze (Financial Chain Corporation, Bakı) və Dmitri İlyin (IT-Task, Moskva) informasiya təhlükəsizliyinin texniki aspektləri, antivirus müdafiəsi, müasir təhdidlərin inkişafı barədə danışıblar.
İnformasiyanın qorunması üzrə qabaqcıl texnologiyalar mövzusu ayrıca bir seksiyada müzakirə olunub. Burada antiviruslar, SIEM-sistemlər, haker hücumlarından kompleks müdafiə vasitələri və digər məsələlər araşdırılıb.
“İdarəetmə” blokunda DLP-sistemlər sahəsində ekspertiza təqdim edilib, bu sistemlərdən standart və qeyri-standart istifadə vasitələri mübadilə olunub.
Konfrans çərçivəsində Rüstəm Xeyrəddinovun ustad dərsi keçirilib. O, veb-əlavələrin qorunması üsulları, yeni araşdırmaların təhlükəsizliyi və mümkün hücumların dəf edilməsi yolları barədə danışıb.