ELM VƏ TƏHSİL
İnformasiya təhlükəsizliyinə dair qrant layihəsinin icra vəziyyəti müzakirə olunub
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları, alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsinin icra vəziyyəti müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müzakirələr layihənin birinci mərhələsinin icrasına dair hesabatın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunması məqsədilə keçirilib.
Seminarda hər bir icraçının birinci mərhələ üzrə hesabatı dinlənilib. Həmçinin konfrans və jurnallarda çap olunmuş və ya çapa təqdim edilmiş məqalələr haqqında məlumat verilib. Sonra layihənin ikinci mərhələsinin icrası üzrə görüləcək işlərin planı nəzərdən keçirilib, hər bir icraçıya fərdi tapşırıqlar verilib. Layihə icraçılarının gördüyü işlər haqqında hesabatlarının dinlənilməsi üçün növbəti seminarın təşkil olunması qərara alınıb.
Qeyd edək ki, qrant layihəsi Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilir.