ELM VƏ TƏHSİL
İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri üzrə elmi-tədqiqatlar aparılır
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodlarının işlənməsi üzrə elmi-tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə elektron dövlətin internet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi və informasiya təhlükəsizliyi üzrə investisiya modelləri işlənib. Kompyuter şəbəkələrinin təhlükəsizliyinin qiymətləndirilməsi metodlarının müasir vəziyyəti analiz edilib. Bu istiqamətdə bir qrant layihəsi yerinə yetirilib, digər qrant layihəsi isə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim olunub.
Hazırda informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, o cümlədən informasiya təhlükəsizliyi problemləri üçün verilənlərin intellektual analizi metodları və alqoritmlərinin işlənməsi istiqamətində elmi-tədqiqatlar davam etdirilir.