ELM VƏ TƏHSİL
İnformasiya texnologiyaları elmi fəaliyyətin müxtəlif istiqamətlərində tətbiq olunur
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elektron elm geniş tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məlumat verib. Alim bildirib ki, son zamanlar informasiya texnologiyalarının elmi fəaliyyətin müxtəlif istiqamətlərdə tətbiqi ilə bağlı kompleks işlər həyata keçirilir. AMEA-nın “AzScienceNet” elm-kompyuter şəbəkəsi Avropanın bir hissəsinə çevrilir. Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə həmin şəbəkə Avropa İttifaqının nəzdində fəaliyyət göstərən beynəlxalq quruma üzv seçilib.
Akademik R.Əliquliyev son dövrlərdə AMEA-nın müəssisələrində monitorinqlər aparıldığını və nəticələrə əsasən, bu sahədə çox böyük irəliləyişin əldə olunduğunu deyib.
“2013-cü ilin əvvəlində AMEA-nın rəsmi portalı “http://www.science.gov.az/”-a olan müraciətlərin sayı 550 min idisə, artıq bu rəqəm bir milyon yarıma yaxınlaşıb. Eyni zamanda, 2012-ci ildə AMEA-da 2500 kompyuter var idisə, artıq 2014-cü ildə bunların sayı xeyli artıb. İnternet infrastrukturu bütün AMEA qurumlarını əhatə edib. İKT sahəsində əldə olunmuş nailiyyətlər, indikatorlar göstərir ki, ölkəmiz regionun aparıcı ölkəsidir və başqa ölkələrə Azərbaycan modeli kimi örnək ola bilər”, - deyə R.Əliquliyev bildirib.