İQTİSADİYYAT
İnformasiya texnologiyaları üzrə növbəti qrant müsabiqəyə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatıb
Bakı, 15 sentyabr, AZƏRTAC
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin ekspertizası başa çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə təqdim olunmuş 121 layihədən 112-si ilkin ekspertiza mərhələsini uğurla keçib. Növbəti mərhələyə keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçiriləcək. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək.
Müsabiqəyə layihələrin qəbulu “E-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması”, “İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması” və “İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu” prioritet istiqamətləri üzrə aparılıb.