ELM VƏ TƏHSİL
İnformasiya və multimedia məhsullarının yayılmasında veb-saytlar mühüm rol oynayır
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə həsr olunan treninq keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev qabaqcıl texnologiyaların inkişafı, İnternet-medianın meydana gəlməsi sayəsində müxtəlif hadisələri, ən yeni xəbərləri izləməyin, o cümlədən informasiyanın əldə olunması, emalı və ötürülməsinin asan bir prosesə çevrildiyini, informasiya və multimedia məhsullarının yayılmasında veb-saytların mühüm rol oynadığını söyləyib.
Qeyd edilib ki, AMEA-da elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Akademiyanın institut və təşkilatlarının saytlarının monitorinqi aparılır, nəticələrə əsasən institutlar üçün xüsusi arayışlar hazırlanır. R.Əliquliyev bildirib ki, AMEA-nın rəyasət heyəti monitorinqin nəticələri barəsində müvafiq qərar qəbul edib. Qərarda bir sıra məsələlərlə yanaşı, akademiyanın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqin keçirilməsi də nəzərdə tutulub. Bu məqsədlə təşkil olunan treninq bu sahədəki problemlərin müzakirəsi və həlli baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirdə “Veb-texnologiyaların inkişaf mərhələləri və perspektivləri”, “Veb-saytların işinin təşkili və idarə olunması”, “Veb-saytların informasiya təminatı” və digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə kompyuter elmləri sahəsində dünyanın aparıcı alimlərinin veb-texnologiyaların perspektivləri haqqında fikirləri diqqətə çatdırılıb, AMEA-nın elmi müəssisə və təşkilatlarının saytlarının yaradılmasına və idarə edilməsinə dair tələblərdən, internetdə müəlliflik hüquqlarının qorunması məsələlərindən söz açılıb.