ELM VƏ TEXNOLOGİYA


İnformatika fənni üzrə doktorluq imtahanları başa çatıb

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorantların və dissertantların informatika fənni üzrə doktorluq imtahanları başa çatıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu sessiyada 404-ü doktorant, 445-i dissertant olmaqla 849 nəfər iştirak edib.

İmtahanlarda iştirak etmiş tədqiqatçıların 26 faizi AMEA, 74 faizi isə digər elm və təhsil müəssisələrinin doktorant və dissertantlarıdır. Onlardan 179-u “əla”, 351-i “yaxşı”, qalanları isə “kafi” və “qeyri-kafi” nəticə göstəriblər.

Cari ilin fevralından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktik əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib.

AMEA-nın Gəncə və Naxçıvan bölmələrində, Naxçıvan Dövlət Universitetində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər. Cari ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar internet üzərindən distant formada keçirilir. Bu sessiyada Gəncədən 64, Naxçıvandan isə 23 doktorant və dissertant imtahan verib.

Qeyd edək ki, 2003-cü ildən etibarən respublikamızın bütün doktorant və dissertantlarının informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyunundan başlayaraq elektron test üsulu ilə aparılır və nəticələr imtahandan dərhal sonra məlum olur. İmtahan prosesinə TİM-də quraşdırılmış videomüşahidə sistemi vasitəsilə nəzarət edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.