ELM VƏ TƏHSİL
“İnformatika terminlərinin izahlı lüğəti” kitabının təqdimatı olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda Təhsil Nazirliyinin statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqovun “İnformatika terminlərinin izahlı lüğəti” kitabının təqdimatı olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, lüğət hesablama texnikasının müxtəlif sahələrinə - proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara aid terminləri əhatə edir.
Tədbirdə İ.Sadıqov qeyd edib ki, kitabda əsas diqqət proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompyuterə dair kitab və xüsusi jurnallarda adi kompyuter istifadəçisinin rast gəldiyi terminlərə yönəldilib. İstifadəçilərin əksəriyyəti fərdi kompyuterlərdə işlədiyindən, lüğətdəki məqalələrin böyük hissəsi də bu sistemlərin təsviri və onlarla iş zamanı istifadə olunan terminologiya ilə bağlıdır. Lüğətə kompyuter sənayesi, proqramlaşdırma kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib.
Lüğətdə beş minədək məqalə-terminin yer aldığını diqqətə çatdıran İ.Sadıqov ədədlər və xüsusi simvollarla başlayan terminlərin kitabın başlanğıcında onların ASCII koduna uyğun sıralandığını qeyd edib.
Məqalələr ingilis dilindəki terminlərə görə sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda Azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.
Nəşrin elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir.